Mikayıl Müşfiq

İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) (5 iyun 1908 — 6 yanvar 1938) — şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1934). Azərbaycan poeziyasının yaranmasında və inkişafında böyük rolu oynamış M.Müşfiq nadir istedadlı şairlərimizdəndir. Mikayıl Müşfiq 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuşdur. O, əslən Xızı rayonundan olub. İbtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində almışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxumuşdur. Azərbaycan Dövlət Darülfünunun dil və ədəbiyyat fakültəsini bitirmişdir (1927-1931). Əmək fəaliyyətinə pedaqoq kimi başlamışdır. Bakı orta məktəblərində yeddi il müəllimlik etmişdir. Son iş yeri 18 saylı Bakı şəhər orta məktəbi olmuşdur (bu məktəb indi onun adını daşıyır). Poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bir gün" şerilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. İlk kitabı-"Küləklər" 1930-cu ildə nəşr olunmuşdur.

O, bədii tərcümə ilə də ciddi məşğul olmuşdur. 1930-1937-ci illərdə onun beş tərcümə kitabı nəşr edilmişdir. Bunlar A.S.Puşkinin "Qaraçılar" (Ş.Abbasovla birlikdə),Taras Şevçenkonun "Kobzar"(Əhməd Cavadla birlikdə),Yegişe Çarensin "Şeirlər", S.Y.Marşakın "Huşsuza bax,huşsuza", M.F.Axundovun "A.S.Puşkinin ölümünə şərq poeması" kitablarıdır. 1931-1937-ci illərdə Dilbər Axundzadə ilə ailə həyatı sürmüşdür. 1968-ci ildə Bakıda Dilbər Axundzadənin "Müşfiqli günlərim" adlı xatirələr kitabı nəşr olunmuşdur. Kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə "Gənclik" nəşriyyatında işıq üzü görmüşdür. 1938-ci il yanvarın 6-da cəza tədbirləri dövründə güllələnmişdir. Xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulmuş, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilmişdir. Mikayıl Müşfiqin Bakıda yaşadığı binanın (Süleyman Rəhimov küç., 108) qarşısına xatirə lövhəsi vurulmuşdur. Müşfiqin "Yenə o bağ olaydı", Oxu, tar" və bir sıra başqa şeirləri Azərbaycan poeziya xəzinəsinin inciləri sırasındadır.

Mənbə_az.wikipedia.org


comments powered by Disqus