Xalid Hüseyni

Xalid Hüseyni (ing. Khaled Hosseini, fars. خالد حسینی‎; doğum 4 mart 1965-ci il, Kabil, Əfqanıstan) — Əfqanəsilli ABŞ yazıçısı və həkimi. Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabildə diplomat ailəsində anadan olmuşdur. O, ailəsi ilə birlikdə əvvəlcə Fransaya köçüb, daha sonra 1980-ci ildə ABŞ-dan siyasi sığınacaq alaraq ora köçmüşdür. Gənc yaşlarından Amerikanın Koliforniya Ştatında məskunlaşan Xalid hazırda Şimali Koliforniyada yaşayır. Evlidir, iki övladı var. Xalid Hüseyninin ilk əsəri "Çərpələng uçuran" romanıdır. Çərpələng uçuran (ing. The Kite Runner) — əfqan əsilli amerikalı yazıçı Xalid Hüseyninin 2003-cü ildə çapdan çıxmış ilk romanı. Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür... Roman azərbaycan dilinə ilk dəfə ABŞ-ın Azərbaycandakı səfirliyi ilə Əli və Nino nəşriyyatı arasında bağlanmış qrant sazişinə əsasən maliyyələşdirilmiş layihə əsasında Xədicə İsmayıl tərəfindən orginal dili olan ingilis dilindən tərcümə olunmuş, Əli və Nino nəşriyyatı tərəfindən 2011-ci ildə Bakıda nəşr olunmuş və 27 may 2011-ci ildə Qız Qalasının yanında yerləşən Ali & Nino kitab mağazasında təqdimatı keçirilmişdir.

Mənbə_az.wikipedia.org


comments powered by Disqus